Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

Qəbələdə beynəlxalq musiqi festivalının keçirilməsi ölkənin nüfuzunun formalaşması üçün vacib hadisədir Print
28.07.2010, 17:19

 Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovla müsahibə

Ölkənin musiqi mədəniyyəti sahəsində sizi ən çox narahat edən nədir?

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan barəsində dünyada böyük rəğbət hissi ilə danışılır. Biz 1960-70-ci illərdə də avanqardda olmuşuq, keçmiş Sovet İttifaqı ərazisində heç kəs Azərbaycanla müqayisə edilə bilməzdi. Bizim musiqi ustalarının lider mövqeləri ilə hamı razılaşırdı.
Bu gün vəziyyət bir qədər dəyişib. Mənim fikrimcə, bəstəkarlıq məktəbi ciddi problemdir, burada durğunluq yaranıb, çünki böyük nəsil bəstəkarlar gediblər, bir neçə nəfər – Qara Qarayevin tələbələri qalıb, onlardan sonra nə olacağı sual altındadır. Bəli, bizim Azərbaycanı müxtəlif beynəlxalq festivallarda təmsil edən gənc bəstəkarlarımız var, lakin Azərbaycan musiqisini təbliğ edəcək parlaq əsərləri mən hələlik görmürəm. Gəlin unutmayaq ki, Fikrət Əmirov öz dahi “Nizami” simfoniyasını yazanda onun 22 yaşı var idi. Bu problem bütün ümumdünya mədəniyyəti qarşısında durur, bu hal həmçinin Almaniya, Rusiya, Avstriya və digər ölkələrdə də müşahidə edilir. Müasir texnologiyaların olmasına baxmayaraq, musiqinin əsası olan ruhu onu tərk edir.
Daha bir məqam var ki, bu kütləvi tamaşadır, yəni tez-tez keyfiyyətsiz olan şou-biznesdir. Onlar musiqiyə xələl gətirir, onilliklər ərzində yaradılanları məhv edirlər.
Üzeyir Hacıbəyov simfonik orkestr, konservatoriya yaradarkən, bura mütəxəssisləri dəvət edib, onlar klassik musiqini yuxarı səviyyəyə qaldırırdılar və biz onların 1990-cı illərin əvvəllərində yaratdıqlarını qoruyub saxlaya bildik, halbuki burada qarışıqlıq hökm sürürdü: heç kəs əmək haqqı almırdı, bir çoxları ölkəni tərk etmişdi, biz isə soyuq filarmoniyada işləyirdik, çünki məsuliyyət hiss edirdik. Şou-biznes zövqləri korlayır.
AzTV telekanalında hər həftə gedən “Maestro” verilişində mən dünyada bir çox gözəl şeylərin olmasından danışıram. Aydın oldu ki, veriliş regionlarda Bakıdan daha çox izlənir, orada digər, daha qədirbilən xalq yaşayır. Məhz bu baxımdan Qəbələdə keçirilən festival böyük əhəmiyyətə malikdir. Bu tədbir çərçivəsində London simfonik orkestrinin gəlməsi gözlənilir ki, Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə onunla iki fortepiano konserti yazıblar: biri Fikrət Əmirovun, digəri Vasif Adıgözəlovundur. Onlar 2 ildən sonra satışda olacaq, bu, ciddi təbliğatdır.

Qəbələ beynəlxalq musiqi festivalı Azərbaycan üçün nə qədər əhəmiyyətlidir?

Beynəlxalq musiqi festivalının keçirilməsi ölkənin nüfuzunun formalaşması üçün vacib hadisədir. Ölkənin nüfuzunun formalaşması zamanı siyasət, idman və mədəniyyət onun əsas tərkib hissələridir. Siyasətə gəldikdə burada problem yoxdur, bizim ölkənin nüfuzunun yüksəklərə qaldırılması üçün əlindən gələni edən gənc və enerjili parlaq liderimiz (prezident İlham Əliyev – İF-Az) var. İqtisadi dəyişiklikləri təkcə kor insan müşahidə edə bilməz, narazı insanlar isə var və həmişə olacaqlar. Əlbəttə, istənilən ölkədə olduğu kimi problemlər də var, lakin Azərbaycanın indiyədək görünməyən həcmdə intibah yaşaması hətta düşmənlərin belə qəbul etdikləri faktdır. Bakı dünyanın gözəl şəhərlərindən biridir, halbuki bir sıra problemlər var, xüsusilə də ekologiya baxımından. Heydər Əliyev Fondu bizim mədəni irsin təbliğ edilməsi üçün bir çox işlər görür. Əminəm ki, hər il festival daha geniş vüsət alacaq, əsas onu yüksək səviyyədə saxlamaqdır, bu isə asan deyil. Bu il festivalda Azərbaycan ifaçıları geniş təmsil olunur, həmçinin dünya şöhrətli musiqiçilər də gəlir.

Gənclər klassikaya necə cəlb olunmalıdır?

Digər ölkədə işləyərkən biz öz musiqimizlə fəxr edirik, bir qayda olaraq bütün konsertlər gurultulu alqışlarla bitir. Qərb tamaşaçıları Avropa, rus bəstəkarlarını yaxşı tanıyır, Ü.Hacıbəyovu, Q.Qarayevi, F.Əmirovu isə son zamanlaradək daha az tanıyırdı. Həmçinin qeyd etmək istəyirəm ki, postsovet məkanında bizi daha yaxşı anlayırlar, çünki bizi ümumi keçmişimiz birləşdirir. Gənclərin klassikaya cəlb olunması üçün isə yeni və keyfiyyətli əsərlər yaratmaq lazımdır, o zaman gənclər maraqlanacaq və yeni tamaşalara gələcəklər. Bizim opera vokalçılarının böyük potensialı var və istək olarsa böyük uğurlara nail olmaq olar. Opera teatrının uğurunun əsası daimi qastrol səfərləridir. Ümid edirəm ki, təmirdən sonra teatr yeni və dolğun həyat yaşayacaq. Texniki təchizat hələ hər şey demək deyil, yeni qüvvələr, yeni novator qərarları lazımdır, xaricə getmiş bir çox mütəxəssislərimizi geri qaytarmaq, hər şeyi bərpa etmək lazımdır.

Sizcə, müxtəlif ölkələrdə mədəniyyət günlərinin keçirilməsi nə dərəcədə önəmlidir?

Hesab edirəm ki, bu, ölkənin mədəniyyətini başqa dövlətdə təbliğ etmək üçün yaxşıdır. Bu, başqa ölkələrdə yaşayan insanları öz xalqının mədəniyyəti ilə tanış etmək üçün ən mümkün üsuldur. Sovet dövründə mədəniyyət günlərinə hər biri 300-400 nəfərdən ibarət nümayəndə heyətləri gəlirdi. Bunlar böyük yaradıcılıq mübadilələri olub və çoxlu vəsait tələb edib. Bu gün bunu belə səviyyədə etmək çətindir. Mən Azərbaycanda Ukrayna Mədəniyyəti Günlərini xatırlayıram. Atam bu cür tədbirlərin hamısında iştirak edirdi. O, hər şeyin necə baş verməsi, mədəniyyət xadimlərinin müxtəlif fəxri mükafatlara layiq görülməsi barədə çox danışıb. Biz bütün bunları evdə qoruyub saxlayırıq, bununla bir çox gözəl xatirələr bağlıdır.
Ancaq bir dirijor kimi mənə Azərbaycan musiqisini onların kollektivləri ilə ifa etmək daha maraqlıdır. Məsələn, Londonda Qarayevi London orkestri ilə ifa etmək və s. Fikrimcə, bu daha güclü təbliğatdır. Və yaxud Azərbaycan baletini və ya operasını hər hansı xarici ölkənin səhnəsində tamaşaya qoymaq. O, daha sonra onların repertuarında qalır – bu, əcnəbi tamaşaçını mədəniyyətimizlə tanış etmək üçün gözəl imkandır. Bizim “Koroğlu” operamız öz bədii əhəmiyyətinə görə hansısa bir italyan operasından geri qalmır, niyə də onu orada təqdim etməyək? Bizim dünyanın istənilən səhnəsinə cəsarətlə çıxara biləcəyimiz opera və baletlərimiz var.

Əcnəbi tamaşaçı Azərbaycan bəstəkarlarının musiqisinə necə münasibət göstərir?

Olduqca gözəl! Biz Avropada çoxlu sayda uğurlu konsertlər veririk. Bir dəfə Belçikada Avropanın ən qədim zallarından birində F.Əmirovun əsərlərindən ibarət konsertimiz keçirilirdi. Burada biz Belçika orkestri ilə Azərbaycanın görkəmli bəstəkarının əsərindən iki hissə çaldıq. Konsertdən sonra insanlar bizə yaxınlaşaraq öz heyranlıqlarını bildirirdilər. Onlar bu musiqini daha əvvəl eşitmək imkanın olmamasından təəssüfləndiklərini deyirdilər. Bunda bizim də günahımız var. Görünür, biz onların Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış olması üçün kifayət qədər iş görmürük.

Xarici kollektivlə işləyərəkən dirijorun əsas vəzifəsi nədən ibarətdir?

Biz hamımız bir dildə - musiqi dilində danışırıq və ümumi dil tapmaq bizim üçün problem deyil. Dirijorun əsas vəzifəsi təqdim edilən əsərin mahiyyətini açmaq, müəllifin fikirlərini ilk növbədə musiqiçilərə, daha sonra isə tamaşaçılara çatdırmaqdır. Artıq ilk beş dəqiqədən sonra bu kollektivin musiqiçilərinin, ən başlıcası isə onların baş dirijorunun peşəkarlıq səviyyəsi aydın olur. Bizim üzərimizə çətin missiya düşüb – biz notların arasında yazılanları görməli və çatdırmalı, bəstəkarın ruhunu, onin daxili aləmini üzə çıxarmalıyıq. Əgər musiqi tamaşaçıların qəlbinin dərinliklərinə nüfuz edibsə, deməli, çəkilən zəhmət hədər getməyib.

Orkestrə dirijor nə üçün lazımdır?

Orkestrdə 100 nəfərdən çox adam ola bilər, opera ifası zamanı səhnədə 150 vokalçıdan ibarət xor, eləcə də solistlər olur və bütün bu kütləni bir nəfər idarə etməlidir, dirijor yeganə əlaqələndirici halqadır. Bu, mürəkkəb və az tədqiq edilmiş peşədir. Dirijor yerində durmaq hüququnu sübut etməyə hamı müvəffəq olmur.

Musiqidə sintezə münasibətiniz necədir?

Əgər sintez keyfiyyətlə, savadla və zövqlə edilibsə, yaxşıdır. Məsələn, “Knyaz İqor” operasından “Küləyin qanadlarında uç” ariyası müasir impovizasiyada. Zənnimcə, caz və muğam gözəl ahəng təşkil edir. Məhz buna görə bizim caz ifaçılarımız - bütün dünyada tanınmış musiqiçilərimiz, caz məktəbinin gənc nümayəndələri müxtəlif beynəlxalq məktəblərdə Azərbaycanı layiqincə təmsil edir və mükafatlar qazanırlar. Bizim dahi caz ifaçımız Vaqif Mustafazadənin qızı Əzizə Azərbaycan cazının xaricdə güclü təbliğatçısıdır. Şahin Növrəsli, İsfar Sarabskinin adlarını da qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan istedadlar yetişdirməkdə davam edir və bu, həmişə, hətta ən ağır illərdə belə olub. İndi təkcə şou-biznesdə deyil, həm də klassik musiqidə də sərt rəqabət müşahidə olunur. Lakin istedadı gizlətmək olmaz, onu nə qədər boğsan da, üzə çıxmaq üçün həmişə yol tapacaq.

Azərbaycanda dirijorluq məktəbi nə dərəcədə güclüdür?

Hələlik bizdə opera-simfonik dirijorluğu kafedrası yoxdur. Mən özüm əvvəlcə Bakı Konservatoriyasını pianoçu kimi bitirmişəm, daha sonra ikinci diplomu almaq üçün 5 il Leninqradda oxumuşam, bundan sonra iki il Avstriyada təcrübə keçmişəm. Mən təhsilimi başa vurub Bakıya gələndə artıq 33 yaşım var idi. Buna baxmayaraq, bizdə dirijorluq məktəbinin banisi var, biz hamımız dahi Niyazinin şagirdləriyik. Əlbəttə, hər şeyə görə minnətdar olduğum əsas müəllimim İ.A.Musinlə yanaşı, mən özümü onun da şagirdi hesab edirəm. Bu gün gözəl gənclər – E.Quliyev, F.İbrahimov, F.Atayev və başqaları yetişir. Lakin mayestro Niyazi olmasaydı, biz dirijor olmaq istəməzdik, bu gün biz olmazdıq.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az