Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

“İçərişəhər”də şəhər sakinləri və qonaqların layiqli mədəni istirahəti üçün bütün şərait yaradılıb Print
05.05.2010, 11:29

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Mikayıl Cabbarov ilə müsahibə.

Mikayıl müəllim, bu yaxınlarda Krakovda keçirilən “Tarixi şəhərlərdə inkişaf, quruculuq və mühafizə” mövzusunda beynəlxalq konfransda  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiyası planının təqdimatı keçirilib. Bu tədbir barəsində nə söyləyə bilərsiniz?    

                 İlk növbədə konfransın keçirildiyi yer barədə qeyd etmək istəyirəm. Krakov Avropanın ən qədim şəhərlərindən biridir, 1978-ci ildə YUNESKO-nun “Dünya  irsi siyahısı”na daxil edilən ilk tarixi şəhər olub. Krakovda, əlbəttə, tarixi abidələrin həm bərpası, həm də qorunub  saxlanmasının böyük ənənələri  var. Buna görə də məhz burada hər il bu mövzuya həsr olunmuş konfranslar keçirilir. Qeyd etmək istəyirəm ki, konfransın ənənəvi iştirakçıları tarixi abidələrin konservasiyası, qorunması və bərpası sahəsində ixtisaslaşdırılmış ekspertlər, bu sahədə müvafiq avadanlıq istehsal edən və xidmət göstərən müxtəlif şirkətlərin nümayəndələri, şəhərsalma mütəxəssisləri, memarlar, mədəniyyət tarixçiləridir.
                 Bu il ilk dəfə olaraq biz bu konfransda “İçərişəhər”in master-planının təqdimatını etməyə dəvət aldıq. Məlum olduğu kimi, master-plan ölkə prezidenti İlham Əliyevin “İçərişəhər”in qayğı ilə qorunması və bərpası üzrə gördüyü tədbirlər çərçivəsində hazırlanıb və yekunlaşıb. Bu layihənin uğurla başa çatmasında həmçinin ölkənin birinci xanımı Mehriban Əliyevanın da böyük zəhməti olub və xarici ekspertlərin qiymətləndirmələrinə görə, bu gün bu sənəd öz sahəsində ən qabaqcıl sənədlərdəndir. Çünki onun üzərində işləmək üçün həm yerli, həm də xarici memarlar, şəhərsalma mütəxəssisləri cəlb edilib ki, onlar müxtəlif tarixi şəhərlərin keçmiş master-planlarının bütün nailiyyətlərini  və təcrübəsini nəzərə ala biliblər.
                 Beləliklə də biz konfransın birinci günü öz master-planımızın təqdimatını keçirdik, bu, konfransın birinci sessiyası zamanı mərkəzi təqdimatlardan biri idi. Təqdimatda “İçərişəhər”də baş verən dəyişikliklər çox maraqla qarşılanıb. 2003-cü ildə “İçərişəhər”in təhlükə altında olan tarixi abidələr siyahısına daxil olması və qısa müddətdə, yəni 2009-cu ildə bu siyahıdan çıxarılmasında bizim təcrübəmiz mütəxəssisləri çox maraqlandırıb.
                Köhnə şəhərin idarə edilməsi sisteminin hansı üsulla dəyişdiyi, tətbiq etdiyimiz təcrübə də maraq doğurub, konservasiya üzrə master-plana dair suallar verilib.                   Qeyd edim ki, konfransın gedişatı canlı olaraq müvafiq veb sayt vasitəsilə yayımlanırdı. Böyük sayda nüfuzlu mütəxəssis toplayan konfrans fikir və təcrübə mübadiləsi üçün yaxşı imkan yaradıb.
Bundan əlavə, bizim konfransda iştirakımız çərçivəsində Polşa tərəfi ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib. Yenə də qeyd edim ki, tarixi abidələrin bərpasında polşalıların böyük təcrübəsi var. Krakov  Polşanın İkinci dünya müharibəsi zamanı cüzi zərər çəkən şəhərlərindən biridir. Məsələn, Krakovdan fərqli olaraq Varşava praktiki olaraq yenidən bərpa edilib. Buna görə də polşalılar son 60 ildə bərpaetmə və konservasiya işlərində çox böyük təcrübə toplayıblar. Mənim səfərim Polşa Dövlət Bərpa Agentliyinin rəhbəri Marek Baranskinin dəvəti ilə baş tutub. Bu səfər zamanı bizim “İçərişəhər”  çərçivəsində gələcək əməkdaşlıq planını müzakirə etmək imkanımız olub. Sirr deyil ki, Polşa memarları və Bakının inkişafı bir biri ilə sıx əlaqədardır. Burada bizim doğma şəhərmizin formalaşmasında böyük rolu olan Qoslavski, Ploşko və bir sıra başqa polşalı memarların adlarını çəkmək olar.

Zəhmət olmasa, “İçərişəhər” qoruğunun inkişafı və abadlaşdırılması ilə bağlı bu yaxınlarda həyata keçiriləcək planlardan danışardınız.

Ötən ildən biz “İçərişəhər”in infrastrukturunun müasirləşdirilməsi və abadlaşdırılması sahəsində fəal işə başlamışıq. Bununla yanaşı, əsas prinsip – xarici yol örtüyü kimi belə səthi işlərlə məhdudlaşmamaq, daha əsaslı işlər həyata keçirməkdən ibarətdir. Köhnə şəhərin inkişafı və qorunması üçün bütün aspektlər qorunmalıdır, burada infrastrukturun köhnəlməsi problemi ön plana çəkilir. Ötən ildən başlayaraq bu və ya digər küçənin yol örtüyünün dəyişdirilməsi zamanı biz ilk növbədə infrastrukturdan: kanalizasiya, qaz və telefon, elektrik xətləri və su təchizatından başlayırıq. Bütün bunlar müasir təhlükəsizlik  tələblərinə əsasən torpaq altında müvafiq səngərlərə yerləşdirilir. Bu, işin  ən görünməz, lakin ən çətin hissəsidir, infrastrukturun vəziyyəti bizim üçün başlıca amildir.
Həmçinin bizim köhnə abidələrimizə yeni həyat verilməsi üzrə işlər davam etdiriləcək.   Burada mən sizin diqqətinizi XII əsr abidəsi olan Kiçik Karvansaray ərazisində başladığımız yeni layihəyə yönəltmək istəyirəm. Bu layihəyə əsasən, onun ərazisində “İncəsənət bağı” fəaliyyət göstərəcək. Bunun üçün biz bütün kompleksi köhnə əhəngdaşından bərpa etmişik, burada müxtəlif milli incəsənət növləri üzrə ustaların çalışacağı bədii qalereya, hücrələr, həmçinin kafe və restoran da fəaliyyət göstərəcək.
Mayın sonu iyunun əvvəlinə biz Qədim Bağın abadlaşdırılması istiqamətində işləri yekunlaşdırmağı planlaşdırırıq.
Biz həmçinin “İçərişəhər”in ərazisində digər obyektlərin, o cümlədən  islam mədəniyyətinin ən qədim abidələrindən biri olan XI əsrə aid minarəli Məhəmməd məscidinin bərpası üzrə işlər həyata keçiririk.
Köhnə şəhərin ərazisində muzey işinin uyğunlaşdırılması işləri də görülür.
Mayda biz ilk dəfə olaraq Şirvanşahlar muzeyinin öz fonduna aid olan bütün eksponatların daxil olduğu  Şirvanşahlar sarayında yeni ekspozisiya nümayiş etdirməyi planlaşdırırıq. Təəssüf ki, son bir neçə ildə bu muzeydə yalnız özəl kolleksiyalar təqdim edilirdi. Əlbəttə, özəl kolleksiyalarla iş gələcəkdə də davam etdiriləcək, bununla yanaşı, muzeyə məxsus eksponatlar həmçinin şəhərin sakinləri və qonaqları üçün də təqdim edilməlidir.
 Biz “İçərişəhər”in ərazisində audiobələdçi sistemini də təşkil etmişik, burada artıq gəzinti elektromobilləri işləyir. Beləliklə də bizim tərəfimizdən şəhər sakinlərinin və onun qonaqlarının layiqli mədəni istirahəti üçün bütün şərait yaradılıb.

Məsələn, ötən ilin analoji dövrü ilə müqayisədə qoruğun ərazisini ziyarət edən turist  axınına dair statistika necədir və qoruğa insan axınının artırılması üçün hansı tədbirlər görüləcək?

Obyektiv səbələrdən “İçərişəhər”in şəraitini nəzərə alaraq hər bir ziyarətçinin statistikasını aparmaq mümkün deyil, buna görə də biz “İçərişəhər”in ərazisində yerləşən otellərdə boş yerin olub-olmaması, əsas muzey və diqqətəlayiq yerlərə insan axınına dair müvafiq rəy çıxarmağa imkan yaradan dolayı məlumatlara əsaslanırıq.  Qeyd etməliyəm ki, “İçərişəhər”in ərazisində 20-dən çox otel var və onların turistlərlə dolması problemi yoxdur.
Qız Qalası və Şirvanşahlar muzeyinə bilet satışından gəlirlər 2010-cu ilin I rübündə ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Novruz Bayramı günlərində Köhnə şəhərdə ziyarətçi axını artmışdır, hamının sevdiyi Meydan Bazarı keçirilmiş, konsert proqramı təşkil edilmişdir. 

 Ayrıca olaraq Bakının simvolu olan Qız Qalasının abadlaşdırılması planları barədə soruşmaq istərdik. Bu barədə nə deyə bilərsiniz?

Qız Qalası Bakının əsas simvollarından biridir və buna görə də bu obyektlə bağlı bütün layihələr xüsusi diqqətlə işlənib hazırlanır. Biz Qız Qalası ilə bağlı işi iki istiqamətdə aparırıq: birinci istiqamət onun arxitektur siması ilə bağlıdır. Bir neçə min il yaşı olan abidə təbii xarakterli təhlükələrə məruz qalıb: külək, ekoloji çirklənmə, hədsiz rütubət öz “qara” işini görür və konsturksiyanın xarici daş hörgüsünün bəzi hissələri pis vəziyyətdədir. Bütün bunlar abidənin konservasiyası baxımından təcili müdaxilə tələb edir. Bu məqsədlə biz müvafiq layihə çərçivəsində bi sıra işlər görmüşük – tarixi abidələrin konservasiyası və bərpası üzrə ixtisaslaşan Almaniyanın Remmers şirkətini cəlb etmişik. Onun köməyi ilə biz daşlararası qatışığın analizinin birinci hissəsini həyata keçirmişik, ilkin hörgüdə istifadə olunmuş məhlulun orijinalına maksimum yaxın kimyəvi tərkibini bərpa etmişik. Biz həmçinin Qız Qalasının test üçün götürülmüş hissəsinin möhkəmləndirilməsi üzrə işləri başa çatdırmışıq. Qeyd edim ki, biz işə başlamazdan əvvəl belə bir vəziyyətlə üzləşmişdik: daşların arasındakı məhlul tamamilə məhv olmuş, bəzi daşlar düşmüş, qırılmışdı, lakin qalanın struktur bütövlüyü üçün təhlükə olmayıb və yoxdur, belə ki, bünövrədə divarların eni 6,5 metrə, yuxarıda isə 4 metrə çatır. Lakin tarixi daşların saxlanması ilə bağlı təhlükə əlbəttə ki, olub.
Vizual effekt böyük məsələ olaraq qalırdı. Yəni elə etmək lazım idi ki, konservasiya zamanı qala bizim onu görməyə adət etdiyimiz kimi görünsün. Başa düşmək lazımdır ki, daşın çirklənmədən təmizlənməsi konservasiya prosesinin qaçılmaz elementidir, lakin bu, böyük və ağrılı məqamdır və Qız Qalasına dair  bütün işlə bağlı tam qərar təklif olunmazdan əvvəl biz hazırda onun üzərində işləyirik.
Yeri gəlmişkən, bizim Almaniyanın Remmers firmasını cəlb etməyimiz təkcə bərpa işlərinin aparılması ilə bağlı deyil, həm də dünya təcrübəsi tətbiq etməklə Azərbaycan Bərpaçılar məktəbinin yaradılması ilə bağlı olub. Bu günlərdə Remmers Akademiyasının nümayəndələrinin iştirakı ilə treninqlər keçirilib. Bu treninqlərdə bizim bərpaçılarımız, Azərbacan Dövlət Memarlıq və İnşaat Universitetinin magistrləri, eləcə də dünya şöhrətli memarlar və bərpaçılar iştirak edirlər. Silsilə seminarların birinci mövzusu “Bərpa işlərinin qabaqcıl metodlarının tətbiqi və təlimi” barədə olub. Bu, daşların möhkəmləndirilməsi, eləcə də uzun dövr ərzində abidələrdə duzun yığılması problemləri ilə bağlı olub.
Qız Qalası üzrə işin ikinci istiqaməti qalanın daxili ekspozisiyası və muzey kimi istifadə olunmasıdır. Belə ki, o, çoxlu sayda ziyarətçinin cəlb olunduğu mərkəzdir. Bu mənada bu gün biz qalanın fəaliyyət konsepsiyasının səviyyəsinin və onun müvafiq ekspozisiyasının təkmilləşdirilməsini qarşıya məqsəd qoyuruq. Və fikrimizcə, xarici və daxili işlərin aparılması istiqamətində fəaliyyətin paralel həyata keçirilməsi kifayət qədər simvolikdir.
Biz daşıma qabiliyyətinin artırılması, ekspozisiya materialının təqdimatı, Qız Qalasının baxış meydançasında təhlükəsizlik məsələlərini öyrənirik. Bütün layihənin işlənməsi başa çatdıqdan sonra biz implementasiya etməyi planlaşdırırıq. Bizim vəzifəmiz ondan ibarətdir ki,  Qız Qalası sadəcə şəhərin əsas simvolu olmaqda davam etməsin,  həm də özünün orijinal konsepsiyası ilə muzeyə çevrilsin.

Qoruq ərazisinə nəqliyyatın girişinin məhdudlaşdırılması “İçərişəhər”in qorunub saxlanmasına necə təsir göstərib?

Hazırda əsas nəqliyyat magistralı fəaliyyət göstərmir, çünki dairəvi yolda və iki başqa küçədə  infrastrukturun tam dəyişdirilməsini nəzərdə tutan təmir işləri aparılır. Lakin bu işlərin artıq bir neçə aydır davam etməsinə baxmayaraq, “İçərişəhər”də nəqliyyat  tıxacları, avtomobillərin say çoxluğu   yoxdur. Bunun əsas səbəbi nəqliyyatın hərəkətini idarəetmə sisteminin kompüterləşdirilməsi ilə bağlıdır ki, bu da “İçərişəhər” ərazisində ola bilən avtomobillərin maksimum sayının dəqiq parametrlərini verir. Həmçinin müntəzəm olaraq maşınların düzgün saxlanılması və yol hərəkəti qaydalarına riayət edilib-edilməməsi ilə bağlı monitorinq  keçirilir. Biz avtomobil nəqliyyat vasitələrinin hərəkətinin qadağan olunduğu yolların sayını artırmışıq ki, bu da mağaza və turizm obyektlərinin fəaliyyətinə yaxşı təsir göstərir. Bir tərəfdən, biz nəqliyyat vasitələrinin girişinə icazə verildiyi yolların sayını azaldırıq, digər tərəfdən, yollarda avtomobillərin say çoxluğu ilə qarşılaşmırıq ki, bu da turistlərin sayının  artmasına səbəb olub və bu, əlbəttə ki, uğurlu nəqliyyat siyasətinin nəticəsidir. 

KİV-lərdə yayılmış daha bir aktual mövzu “İçərişəhər” ərazisində binaların inşası və sökülməsi ilə bağlıdır. Qoruğun ərazisində yenidənqurulmalı olan və sökülməsi nəzərdə tutulan tarixi binalar varmı və qalan binaların saxlanması üçün nə kimi tədbirlər görülür?

Bu gün biz “İçərişəhər” ərazisində tarixi əhəmiyyətli abidələrin saxlanılması məsələsinə  tam nəzarət edirik, son bir neçə ildə təmir-bərpa işləri üçün yararsız olan qəzalı ev istisna olmaqla, tarixi əhəmiyyətli binanın sökülməsi və yeni tikilinin ucaldılması ilə bağlı heç bir hal yoxdur. Master-plan hazırlandıqdan və qüvvəyə mindikdən sonra bu, sadəcə olaraq baş verə bilməz. “İçərişəhər” ərazisində abidələrin böyük əksəriyyəti tarixi dəyərə malikdir. Lakin qiymətli tarixi abidə olmayan tikililərə də təmir-yenidənqurma üzrə diqqətli analizlər və araşdırmalar tətbiq olunur. “İçərişəhər”də çox böyük iş aparılır. Bu işi iki kateqoriyaya ayırmaq olar – bu, bərpa və konservasiya xarakterli, eləcə də ictimai infrastrukturun yaxşılaşdırılması ilə bağlı işlərdir. Köhnə şəhərdə vəziyyət bir neçə il əvvəl olduğundan kəskin fərqlənir. Burada prezident İlham Əliyevin mövqeyi böyük rol oynayıb. Dövlət başçısının ayrıca fərmanı ilə bizim idarəmiz yaradılıb. Fərman 2005-ci ildə dərc edilib, 2007-ci ildən etibarən  idarə tam fəaliyyətə başlayıb, bizə şəhər quruculuğu və “İçərişəhər” ərazisində  abidələrin mühafizəsi sahəsində bütün səlahiyyətlər verilib.

Və son olaraq, ölməz Sovet filmi olan “Brilliant əl” filmində əbədiləşdirilmiş, “İçərişəhər” ərazisindəki obyektin taleyi haqda soruşmaq istəyirəm. Mən Nikulin və Mironovun qəhrəmanlarının “Lənət şeytana” ifadəsi ilə qarşısında yıxıldıqları “Aptek”i nəzərdə tuturam. Bu obyektin konservasiyası (mən bildiyim qədər, hazırda orada xarici dil və kompüter kursları təşkil olunub) və ya filmlə eyniadlı kafe və sair obyektin açılması planlaşdırılırmı? Aydındır ki, bu ideyanın reallaşdırılması bir çox halda sahibkarlardan asılıdır. Bununla belə, bu obyektlə bağlı nə kimi fikirləriniz var?

Söyləyə bilərəm ki, yaxın vaxtlarda biz bu yerdə “Yıxılan Nikulin” abidəsini ucaldacağıq. Doğrudur, bu yerdə kimin – Mironovun və ya Nukulinin əbədiləşdirilməsi ilə bağlı həmkarlarımızla çoxlu mübahisələrimiz olub, lakin yenə də Nikulinin üzərində dayanmağı qərara aldıq.
Yeni turizm obyektinin açılmasına gəlincə isə, əgər mülkiyyətçilər arzu edərlərsə, biz onları dəstəkləyəcəyik, çünki bu yer dövlət balansında deyil, xüsusi mülkiyyətdir. Düşünürəm ki, sizin çağırışınız eşidiləcək, biz isə dəstək göstərəcəyimizi vəd edirik.
Ümumilikdə, biz “İçərişəhər” ərazisində hansı filmlərin çəkildiyini müəyyən etmək məqsədilə araşdırmalar aparmışıq. Yuxarıda adıçəkilən “Brilliant əl” filmi ilə yanaşı, bütün postsovet məkanından kinosevərlərə məlum olan “Aybolit-66”, “Amfibiya adam”, “Tehran-43”, “Qorxma, mən səninləyəm” filmlərinin də adını çəkə bilərəm. Biz Köhnə şəhərdə çəkilmiş filmlərin antologiyasını, eləcə də “İçərişəhər”lə bağlı milli kompozisiyaların, burada çəkilmiş filmlərdə səslənən musiqilərin daxil olacağı hədiyyə disklər dəsti buraxmağa hazırlaşırıq.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az